SPAZMOBRÜ - SPASMOBRU (inyeksiya üçün məhlul)

 

Beynəlxalq patentləşdirilməmiş adı: Hyoscine butylbromide

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq hiossin (skopolamin)- butilbromid vardır.

Köməkçi maddələr: natrium-xlorid, inyeksiya üçün su.

 

Təsviri: Şəffaf rəngsiz məhlul.

 

Farmakoterapevtik qrupu: Mədə-bağırsaq traktının funksional pozğunluqlarında istifadə olunan dərman vasitəsi. Butilskopolamin.

ATC kodu: A03B B01

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:

Hiossin-butilbromid – parasimpatik pstqanqlionar sinir uclarında asetilxolinin rəqabət zəminində antaqonistidir. Nikotinəhəssas reseptorlara təsir etmir. Postqanqlionar muska-rinəhəssas reseptorlara asetilxolinin təsirini blokadaya alır. Preparat, əsasən, mədə-bağır-saq traktının saya əzələlərinə təsir göstərir.

Farmakokinetikası:

Qanın plazma zülalları ilə zəif (10%) birləşir. Əsasən qaraciyərdə metabolizə olunur. Hematoensefalik baryerdən keçmir. Plazmadan yarımxaricolma dövrü 8 saatdır. Dəyişilməmiş şəkildə öd və sidiklə xaric olur.

 

İstifadəsinə göstərişlər:

Mədə-bağırsaq traktının spazmları, pilorospazm, spastik kolitlər, spastik qəbizliklər, öd yollarının və mədəaltı vəzi axacaqlarının diskineziyası, böyrək və qaraciyər sancıları, xolesistitlər, pankreatitlər, mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin simptomatik müalicəsi. Ürəkbulanma və qusmanın (o cümlədən cərrahi əməliyyatdan sonra) aradan qaldırılması. Sidik yollarının spazmları. Alqodismenoreya zamanı ağrı sindromu, histero-salpinqoqrafiya və doğuşun stimullaşdırılması zamanı uşaqlığın və uşaqlıq borularının spazmı. Cərrahi müdaxilənin premedikasiyası. Rentgenoloji, radioloji və endeskopik müayinə metodlarında spazmın və yenitörəmənin differensial diaqnozu üçün. Fosfor-üzvi maddələrlə zəhərlənmələr zamanı (antidot müalicəsi üçün).

 

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, paralitik ileus (qıcolma nəti-cəsində baş verən bağırsaq keçməzliyi), qlaukoma, prostat vəzinin sidiyəgetməni çətin-ləşdirən hipertrofiyası, mexaniki bağırsaq keçməzliyi, miasteniya, taxiaritmiya, meqa-kolon.

 

Ehtiyat tədbirləri:

Ahıl yaşlı pasiyentlərə ehtiyatla təyin olunmalıdır. Müalicə müddətində alkoqol qəbulu qadağandır. 6 yaşa qədər uşaqlarda Spazmobryunun istifadəsi barədə kifayət qədər məlumat yoxdur.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Birlikdə istifadə edildikdə, Spazmobryu trisiklik antidepressantların, antihistamin maddələrin, xinidinin xolinolitik təsirini gücləndirə bilər. Dopamin reseptorlarının anta-qonistləri ilə birlikdə istifadə edildikdə hər iki preparatın effektivliyi azala bilər. Skopalaminlə beta-adrenomimetiklərin birlikdə istifadəsi taxikardiyaya səbəb ola bilər.

Antasidlər, tərkibində kaolin və attapulgid olan ishal əleyhinə peparatlar; ketokonazol, metoklopramid – antixolinergik təsiri zəiflədir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik müddətində (xüsusilə, 1-ci trimestrdə) və laktasiya dövründə yalnız o zaman təyin oluna bilər ki, ana üçün fayda döl və ya uşaq üçün potensial riskdən üstün olsun..

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

Preparatdan istifadə zamanı akkomodasiyanın pozulması mümkündür. Yüksək diqqət tələb edən fəaliyyətlə məşğul olan və nəqliyyat vasitələrini idarə edən şəxslər bunu nəzərə almalıdır.

 

İstifadə qaydası və dozası:

Doza, pasiyentin yaşı və xəstəliyin ağırlığı nəzərə alınmaqla fərdi olaraq təyin olunur.

Böyüklərə gündə 2-3 dəfə 2-4 ml (20-40 mq) təyin olunur.

Məhlul dəri altına, əzələ daxilinə, venaya şırnaq üsulu ilə tədricən 10-20 ml qlükoza məhlulunda və ya 0,9%-li natrium-xlorid məhlulunda və ya venaya damcı üsulu ilə 100-400 ml qlükoza məhlulunda və ya 0,9%-li natrium-xlorid məhlulunda 60-80 damcı/dəq sürətlə yeridilir.

Böyüklər üçün maksimal gündəlik doza 100 mq-ı keçməməlidir.

6 yaşdan yuxarı uşaqlara bədən kütləsinin hər kq-na 0,3-0,6 mq hesabı ilə təyin olunur.

Uşaqlar üçün maksimal gündəlik doza – bədən kütləsinin hər kq-na 1,5 mq-dır (100 mq-lıq maksimal gündəlik dozadan artıq olmamaq şərti ilə).

Müalicə müddəti klinik vəziyyətdən asılı olaraq müəyyən edilir.

 

Əlavə təsirləri:

Həzm traktına: bəzən – ağızda quruluq, qəbizlik.

Görmə orqanlarına: nadir hallarda – akkomodasiyanın iflici, görmənin pozulması, gözlərin işığa qarşı həssaslığının yüksəlməsi, qlaukomanın kəskinləşməsi.

Digər: bəzən – burunun selikli qişasının quruluğu, dəri örtüklərinin quruluğu, tər ifrazının azalması, taxiaritmiya, sidiyəgetmənin çətinləşməsi, allergik reaksiyalar.

 

Doza həddinin aşılması:

Əlamətləri: göz bəbəklərinin genişlənməsi və işığa reaksiya verməməsi, selikli qişaların quruması, səsin xırıldaması, taxikardiya, hipertermiya.

Müalicəsi: sürətləndirilmiş diurez, fizostiqminin və ya qalantaminin təkrar yeridilməsi; simptomatik və dəstəkləyici müalicə. Qlaukomalı xəstələrə pilokarpin təyin edilir.

 

Buraxılış forması: 2 ml məhlul ampullarda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 15-25°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

İstehsalçı: BRYUFARMEKSPORT s.p.r.l. 14, De lya Qrott küç., 1020 Brüssel, Belçika.