PATANOL - OLOPATADIN (0,1%-li göz damcısı, məhlul)

Beynəlxalq patentləşdirilmiş adı (BPA): OLOPATADIN

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Kimyəvi adı: (z)-11- [(Dimetilamino) propiliden]-6, 11-dihidrodibenz (b,e)- oksepin- 2- sirkə turşusu, hidroxlorid.

Dərman forması: göz damcısı.

 

Tərkibi:

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1,11 mq olopatadin hidroxlorid vardır (1,0 mq olopatadinə ekvivalentdir);

Köməkçi maddələr: benzalkonium xlorid, dinatrium fosfat dodekahidrat, natrium xlorid, qatı xlorid turşusu/natrium hidroksid (pH-ı tənzim etmək üçün), təmizlənmiş su.

 

Təsviri: rəngsiz haldan açıq-sarı rəngə qədər, şəffaf və ya zəif opalessensiya edən məhlul.

Farmakoterapevtik qrup: allergiya əleyhinə dərman vasitəsi.

ATS kodu: S01GX09.

 

Farmakoloji təsiri:

Olopatadin H1- histamin reseptorlarının selektiv inhibitorudur, o, həm də tosqun hüceyrələrdən iltihab mediatorlarının çıxmasını inhibə edir. Güclü allergiya əleyhinə təsir göstərir. α-adrenergik, dopamin, 1 və 2-ci tip muskarin, həmçinin serotonin reseptorlarına təsir göstərmir.

Farmakokinetikası:

Yerli istifadə etdikdə aşağı sistem absorbsiyasına malikdir. Yerli istifadə olunduqda qan plazmasında olopatadinin maksimal konsentrasiyasına (Cmax) 2 saat ərzində nail olunur və 0,5 nq/ml və daha aşağı qiymətlərdən 1,3 nq/ml-ə qədər olur. Plazmada yarını parçalanma müddəti (T1/2) 3 saat təşkil edir. Əsasən böyrəklərlə xaric edilir (60-70 %-i dəyişilməmiş şəkildə xaric edilir).

 

İstifadəsinə göstərişlər: Allergik konyunktivitlər.

Əks göstərişlər: Preparatın tərkib komponentlərinə qarşı həssaslığın yüksəlməsi.

 

Ehtiyat tədbirləri:

Kontakt linzalardan istifadə edərkən Patanol göz damcısını gözə tökmək olmaz. Yalnız yerli istifadə olunur. İnyeksiya üçün istifadə etmək olmaz. İstifadə etmədikdə flakon yaxşı bağlanmış vəziyyətdə saxlanmalıdır.

 

Xüsusi göstərişlər:

Patanolun tərkibində kontakt linzalar vasitəsilə absorbsiya oluna bilən benzalkonium xlorid konservantı vardır. Preparatı gözə tökməzdən əvvəl linzaları çıxarmaq və preparatı gözə tökdükdən minimum 20 dəqiqədən sonra gözə taxmaq lazımdır.

Məhlulu çirkləndirməmək üçün damcıtökənin ucunu heç bir yerə toxundurmaq olmaz.

 

Digər dərman maddələri ilə qarşılıqlı əlaqəsi:

Ehtiyac olduqda digər yerli oftalmoloji preparatlarla kombinasiyada istifadə edilə bilər. Bu halda preparatların istifadəsi arasındakı intervallar 5 dəqiqədən az olmamalıdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

"C" - hamiləlik kateqoriyası. Siçovul və dovşanlarda olopatadinin teratogen effektləri aşkar edilməmişdir. Preparatın insanlarda hamiləlik və laktasiya dövründə istifadəsi haqqında kifayət qədər məlumatlar yoxdur. Preparat hamiləlik zamanı və laktasiya dövründə o halda istifadə oluna bilər ki, gözlənilən müalicəvi effekt döl üçün potensial riskdən yüksək olsun.

 

Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsiri:

Əgər preparatdan istifadə etdikdən sonra görmə itiliyi zəifləyərsə, avtonəqliyyat vasitələrini idarə etmək və diqqətin artırılması tələb olunan digər fəaliyyət növləri ilə məşğul olmaq məsləhət görülmür.

 

İstifadə qaydası və dozası:

Yerli istifadə olunur. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. Gündə 2 dəfə olmaqla hər dəfə konyunktiva kisəsinə 1 damcı tökülür.

Uşaqlarda istifadəsi: Preparatın 3 yaşa qədər uşaqlarda istifadəsi haqqında kifayət qədər məlumat yoxdur. Patonol 3 yaşlı və daha böyük uşaqlarda böyüklərin dozalarına analoji dozalarda istifadə oluna bilər.

 

Əlavə təsirləri:

Yerli: Bəzən (5%-dən az hallarda) görmənin dumanlanması, gözlərdə yanğı hissi və ağrılar, göz yaşının axması, gözdə yad cisim hissiyyatı, konyunktivanın hiperemiyası, keratit, irit, göz qapaqlarının şişkinliyi qeyd edilir. 7% hallarda baş ağrıları qeydə alınır. Aşağıdakı əlavə effektlərə xəstələrin 5%-dən azında rast gəlmişdir: asteniya, gözlərdə quruluq, hiperemiya, hiperhəssaslıq, keratitlər, başgicəllənmə, ürəkbulanma, faringit, rinit, sinusit, dadın dəyişilməsi.

 

Doza həddinin aşılması:

Yerli istifadə etdikdə doza həddinin aşması ehtimalı az olur. Preparat gözə artıq miqdarda düşdükdə gözü ilıq su ilə yumaq tövsiyə edilir.

 

Buraxılış forması: Göz damcısı 1mq/ml. Aşağı sıxlıqlı polietilendən hazırlanmış ağ flakon - damcıtökəndə 5ml. 1 ədəd flakon içlik, vərəqə ilə birlikdə karton qutuya qoyulur.

Saxlanma şəraiti: “B” siyahısı. 4-30°C temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

Yararlıq müddəti: 3 il. Qablaşmanın üzərində göstərilən yararlıq müddəti başa çatan dərman maddəsindən istifadə etmək olmaz. Flakon açıldıqdan sonra 4 həftə ərzində preparat istifadə üçün yararlı hesab olunur.

Aptekdən buraxılma şərti: resept əsasında buraxılır.

 

İstehsalçı: ALCON-COUVREUR B-2870 Puurs, Belçika.