LİNEKS – LINEX (kapsullar)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: preparatın tərkibində bağırsağın müxtəlif hissələrindən götürülmüş 3 komponent vardır. 1 kapsulda tərkibində antibiotiklərə və kimyəvi üsulla müalicə vasitələrinə qarşı davamlı olan 1,2x107-dən az olmayan canlı liofilizə edilmiş “Bifidobacterium infantis v. Liberorum”, “Lactobacillus acidophilus” və “Enterococcus faecium” bakteriyaları vardır.

Köməkçi maddələr: kartof nişastası, laktoza, maqnezium-stearat.
Kapsulun örtüyü: jelatin, metilparahidroksibenzoat (E 218) və propilparahidroksibenzoat (E 216), titan 4-oksid (E 171).

 

Farmakoloji xüsusiyyətləri:
Lineksin tərkibində olan südturşulu bakteriyalar bağırsaq mikroflorasının fizioloji tarazlığını saxlayır.

 

İstifadəsinə göstərişlər:
Lineks preparatı bağırsaq mikroflorası tarazlığının pozğunluğunun -disbakteriozun profilaktika və müalicəsi üçün tövsiyə edilir. Disbakterioz aşağıdakı simptomlar və əlamətlərlə xarakterizə edilir: diareya (ishal), həzmetmənin digər pozğunluqları (dispepsiya): qəbzlik, meteorizm (bağırsaqda qaz toplanması), ürəkbulanma, qusma, gəyirmə, qarında ağrılar, allergik səpgilər.

 

Əks göstərişlər:
Preparatın hər hansı bir komponentinə və süd məhsullarına qarşı yüksək həssaslıq (allergiya) olduqda preparatdan istifadə etmək olmaz.

 

Ehtiyat tədbirləri:

Aşağıdakı hallarda Lineks kapsullarının istifadəsindən öncə həkimlə məsləhətləşin:

  • - bədən temperaturu 38°C-dən yüksək olduqda,
  • - nəcisdə selik və ya gizli qanın olması,
  • - 2 gündən çox davam edən diareya,
  • - dehidratasiya və bədən kütləsinin azalması ilə müşayiət edilən kəskin diareya,
  • - qarında kəskin ağrılarla müşayiət edilən diareya,
  • - digər xroniki xəstəliklər (diabet) və ya immunoloji çatışmazlıqlar (QİÇS, IİV).

Preparatı qaynar içkilərlə və alkoqol ilə qəbul etmək olmaz. Preparatın qəbulu səhhətin yaxşılaşmasına kömək etmədikdə həkimə müraciət etmək lazımdır. 3 yaşa qədər uşaqlar üçün tibbi nəzarət olmadan istifadəsi əks göstərişdir. Diareyanın müalicəsində su və elektrolit itkisini bərpa etmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Lineksin digər dərman vasitələri ilə arzuedilməz qarşılıqlı təsiri barədə məlumat yoxdur. Lineks preparatının tərkibi onun antibiotiklər və kimyəvi müalicə vasitələri ilə eyni zamanda istifadəsinə yol verir.

 

İstifadə qaydası və dozası:

  • - Körpə və 2 yaşına qədər uşaqlar üçün gündə 3 dəfə 1 kapsul yeməkdən sonra üstündən az maye içməklə qəbul etmək tövsiyə edilir.
  • - 2 yaşdan 12 yaşa qədər uşaqlar üçün gündə 3 dəfə 1 və ya 2 kapsul yeməkdən sonra üstündən az maye içməklə qəbul etmək tövsiyə edilir. Uşaq kapsulu uda bilmədikdə kapsulu açıb tərkibini bir qədər maye (çay, şirə, şirinləşdirilmiş su) ilə qarışdırmaq lazımdır.
  • - Böyüklər və 12 yaşdan böyük uşaqlar üçün gündə 3 dəfə 2 kapsul yeməkdən sonra üstündən az maye içməklə qəbul etmək tövsiyə edilir.

Müalicənin müddəti disbakteriozun inkişafının səbəbi və orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır.

 

Əlavə təsirləri:
Preparat orqanizm tərəfindən yaxşı qəbul edilir. Əlavə təsirləri haqda məlumat yoxdur.

 

Buraxılış forması: 16 kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: Lek d.d. Verovşkova 57, Lüblyana şəhəri, Sloveniya.

 

Bu içlik vərəqə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmokoloji və Farmokopeya Ekspert Şurası tərəfindən 27 iyun 2011-ci il tarixində təsdiq edilmişdir.