İBUFEN – IBUFEN (100 mq/5ml peroral istifadə üçün suspenziya)
Beynəlxalq patentləşdirilməmiş adı: İbuprofen
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: 100 ml suspenziyanın tərkibində 2 q ibuprofen vardır (2,0 q/100 ml).
Köməkçi maddələr: kremofor RH-40, karboksilləşmiş metilsellülozanın natrium duzu, maqnezium-alüminium silikat, saxaroza,qliserin, propilenqlikol, metilhidroksibenzoat, propilhidroksibenzoat, limon turşusu, natrium-hidrofosfat, portağal aromatizatoru, oya maddəsi: narıncı-sarı, saxarinin natrium duzu, krospovidon, təmizlənmiş su.

 

Təsviri:
Narıncı rəngli, portağal qoxulu və şirin və yüngül hiss olunan yandırıcı dadlı suspenziya. Maye və çöküntü qatlarına ayrıla bilər ki, bunlar da qarışdırıldıqdan sonra bircinsli suspenziya əmələ gətirir.

 

İstifadəsinə göstərişlər:
İbufen - suspenziya qızdırmasalıcı, ağrıkəsici, iltihabəleyhinə təsirlərə malikdir. Bədən temperaturunun yüksəlməsi, ağrı və ödem kimi simptomlara meydana çıxdığı yerdə təsir göstərərək onların ifadəliliyini azaldır. Ibufen preparatı aşağıdakı hallarda südəmər uşaqlarda və uşaqlarda istifadə üçün nəzərdə tutulmuşdur:
Aşağıdakı hallarda bədən temperaturunun müxtəliş mənşəli yüksəlməsi:
- soyuqdəymə xəstəliklərində,
- kəskin respirator virus infeksiyalarında,
- qripdə,
- anginada (faringitdə),
- bədən temperaturunun yüksəlməsi ilə müşayiət olunan uşaq infeksiyalarında,
- postvaksinal reaksiyalarda.

Aşağıdakı hallarda müxtəlif mənşəli zəif və mötədil intensivlikli ağrı sindromu:
- dişağrısında, dişlərin ağrılı çıxması zamanı,
- başağrısında, miqrendə,
- dayaq-hərəkət aparatının travması nəticəsində baş verən əzələ və oynaq ağrılarında,
- orta qulağın iltihabı zamanı qulaq ağrılarında.


Əks göstərişlər:
Ibufen preparatını aşağıdakı hallarda istifadə etmək olmaz:
- preparatın komponentlərindən hər hansı birinə və ya digər qeyri-steroid iltihabəleyhinə dərman vasitələrinə qarşı yüksək fərdi həssaslıq,
- nə vaxtsa zökəm, asetilsalisil turşusunun və ya digər iltihabəleyhinə dərman vasitələrinin istifadəsindən sonra dəri səpgiləri və ya bronxospastik reaksiyalar şəklində allergiya simptomlarının meydana çıxması,
- mədə və onikibarmaq bağırsağın xora xəstəliyi kəskinləşmə fazasında,
- hamiləliyin axırıncı trimestri.


Xüsusi göstərişlər:
Əgər əvvəlcədən aşağıdakı hallar təsdiq edilmişdirsə, o zaman Ibufen qəbul edərkən xüsusi ehtiyatlılığa əməl etmək lazımdır:
- bronxial astma,
- qaraciyər, böyrək çatışmazlığı və ya qan sisteminin çatışmazlığı,
- fruktozaya qarşı anadangəlmə dözümsüzlük,
- anamnezdə mədə və onikibarmaq bağırsağın xora xəstəliyi.


İstifadə qaydası və dozası:
Peroral istifadə üçün. 5 ml suspenziyanın tərkibində 100 mq ibuprofen vardır. İstifadə öncəsi bircinsli suspenziya alınana qədər çalxalamaq lazımdır. Dərman preparatı yeməkdən sonra, çoxlu miqdarda maye ilə qəbul edilir. Doza uşağın yaşından və bədən kütləsindən asılı olaraq müəyyən edilir.

İbufen suspenziya preparatının gündəlik dozası bədən kütləsinin hər kq-na 20-30 mq (20-30 mq/kq) təşkil edir. Preparat aşağıda göstərilən sxem üzrə birdəfəlik dozalarda təyin edilir:

6 aylıqdan 12 aylığa qədər südəmər uşaqlar (7,7-9 kq): gün ərzində 3 dəfədən 4 dəfəyə qədər 2,5 ml (gündə 150-200 mq ibuprofenə uyğundur).
1 yaşdan 3 yaşa qədər uşaqlar (10-15 kq): gün ərzində 3 dəfə 5 ml (gündə 300 mq ibuprofenə uyğundur).
4 yaşdan 6 yaşa qədər uşaqlar (16-20 kq): gün ərzində 3 dəfə 7,5 ml (gündə 450 mq ibuprofenə uyğundur).
7 yaşdan 9 yaşa qədər uşaqlar (21-29 kq): gün ərzində 3 dəfə 10 ml (gündə 600 mq ibuprofenə uyğundur).
10 yaşdan 12 yaşa qədər uşaqlar (30-40 kq): gün ərzində 3 dəfə 15 ml (gündə 900 mq ibuprofenə uyğundur).

3 aylıqdan 6 aylığa qədər südəmər uşaqlarda postvaksinal reaksiyalar zamanı:
3 aylıqdan 6 aylığa qədər südəmər uşaqlar (5-7,6 kq): gün ərzində 2 dəfə 2,5 ml (2,5 ml qəbul etmək, təkrar 2,5 ml-i isə 6 saatdan sonra qəbul etmək lazımdır).
Dərman vasitəsinin reseptsiz buraxılması 6 aylıqdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur. 6 aylığa qədər uşaqlara dərman preparatı həkimlə məsləhətləşdikdən sonra və onun tövsiyələrinə uyğun olaraq istifadə oluna bilər. Tövsiyə olunduğundan yüksək dozada istifadə olunmamalıdır.

Əgər qızdırma 3 gün müddətində davam edərsə, həkimlə məsləhətləşmək lazımdır.

 

Əlavə təsirləri:
Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul olunur, lakin o mədə-bağırsaq traktına əlavə təsirlər, məsələn, mədədə narahatlıq hissi törədə bilər.
Nadir hallarda meydana çıxan əlavə təsirlərə aşağıdakılar aiddir:
- qeyri-spesifik allergik və anafilaktik reaksiyalar,
- tənəffüs orqanlarında astma, astmanın kəskinləşməsi, bronxospazm və ya boğulma şəklində meydana çıxan reaksiyalar,
- səpgi, qaşınma, övrə, purpura, vasomotor ödem şəklində meydana çıxan dəri reaksiyaları,
- trombisitopeniya.
Tək-tək hallarda baş verən əlavə təsirlərə aşağıdakılar aiddir:
- bullyoz dermatoz,
- mədə xorası və ya mədə qanaxması.

Preparatın tərkibində saxaroza olduğu üçün, dərman vasitəsi şəkərli diabeti, qlükoza-qalaktoza malabsorbsiya sindromu, fruktozaya qarşı dözümsüzlüyü və ya saxaroza-izomaltaza çatışmazlığı olan şəxslərdə əlavə təsir göstərə bilər.
Hər hansı əlavə (qeyri-adi) təsir, o cümlədən bu təlimatda göstərilməyən hər hansı əlavə təsir meydana çıxarsa, müalicə həkiminə məlumat vermək lazımdır.

 

Doza həddinin aşılması:
Dərman preparatını tövsiyə olunduğundan artıq dozada qəbul etdikdə, dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
İbuprofenin doza həddi aşılmasının simptomları: qarında ağrılar, ürəkbulanma, qusma, başağrısı və başgicəllənmə. Eyni zamanda digər dərman vasitələri qəbul edilmədikdə ibuprofenin yüksək dozaları orqanizm tərəfindən adətən yaxşı qəbul olunur.
Doza həddinin aşılması zamanı görülməli olan tədbirlər: mədənin yuyulması, aktivləşdirilmiş kömür, qələvili içkilər, simptomatik müalicə.  

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Ibuprofen (qeyri-steroid iltihabəleyhinə vasitələr qrupundan olan digər dərman vasitələri kimi) aşağıdakı dərman vasitələri ilə eyni zamanda istifadə olunmamalıdır:
- аsetilsalisil turşusu və ya digər qeyri-steroid dərman vasitələri – mədə-bağırsaq sistemində əlavə təsirlərin meydana çıxma riski yüksəlir,
- аntihipertenziv dərman vasitələri və diuretiklər – qeyri-steroid iltihabəleyhinə dərman vasitələri bu dərman vasitələrinin effektivliyini aşağı sala bilər,
- аntikoaqulyantlar – çox olmayan klinik məlumatlar göstərir ki, qeyri-steroid dərman vasitələri qanın laxtalanma qabiliyyətini aşağı salan dərman vasitələrinin təsirini gücləndirə bilər,
- litium və metotreksat – qeyri-steroid iltihabəleyhinə dərman vasitələri həm litiumun, həm də metotreksatın plazma konsentrasiyasını yüksəldə bilər,
- zidovudin – eyni zamanda ibuprofen və zidovudin qəbul edən pasiyentlərdə qanaxma vaxtının uzanması barədə sübutlar vardır.


Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləliyin ilk 6 aylığında ibuprofenin istifadəsinə müstəsna olaraq həkim təyinatına əsasən icazə verilir. Hamiləliyin axırıncı trimestrində ibuprofen istifadə olunmamalıdır.
Ibuprofen az miqdarda ana südü ilə xaric ola bilər. Ana südü ilə qidalanan südəmər uşaqlarda əlavə təsirlərin meydana çıxması halları məlum deyildir, ona görə də preparatdan istifadə zamanı uşağın ana südü ilə qidalandırılmasını dayandırmağa lüzum yoxdur.


Buraxılış forması: 100 q suspenziya, burulub açılan qapağı, ölçü qaşığı-dozatoru olan şüşə flakonda və ya 100 q suspenziya, uşaqlar tərəfindən açılmaması üçün qoruyucu mexanizmi və şpris-dozatoru olan plastik flakonda. Hər flakon içlik vərəqə və dozatorla birlikdə fərdi karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 15C-dən 25C-yə qədər temperaturda, işıqdan qorunan yerdə saxlamaq lazımdır. Dərman vasitəsini uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 3 il. Qablaşdırmanın ilk açılışından sonra flakon 6 ay ərzində istifadə olunmalıdır. Qablaşdırmanın üzərində göstərilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: Меdana Farma S.C. 98-200 Seradz, V.Loketka küç. 10, Polşa.


Şpris formasında dozatorun istifadəsinə dair təlimat:
1. Flakonun qapağını açın (aşağı təzyiq etməklə sıxmaq və saat əqrəbinin əksinə fırlatmaqla).
2. Dozatoru güclü surətdə flakonun boğazındakı deşiyə geydirin.
3. Flakonun möhtəviyyatını güclü çalxalayın.
4. Dozatoru doldurmaq üçün flakonu dibi yuxarı çevirin, sonra isə dozatorun sürgüqolunu (porşenini) ehtiyatla aşağı çəkin, flakonun möhtəviyyatını şkalanın arzu edilən (lazım olan) xəttinə qədər çəkin.    
5. Flakonu əvvəlki vəziyyətinə qaytarın və ehtiyatla fırlatmaqla dozatoru ondan çıxarın.  
6. Dozatorun ucluğunu uşağın ağız boşluğuna yerləşdirin, sonra isə tədricən sürgüqolunu sıxmaqla dozatorun möhtəviyyatını uşağın ağız boşluğuna daxil edin.
7. Preparatın istifadəsindən sonra flakonun qapağını bağlayın, dozatoru isə su ilə yuyun və qurulayın.