QLİBETİK - GLIBETIC (1 mq, 2 mq, 3 mq, 4 mq tabletlər)

Beynəlxalq patentləşdirilməmiş adı: Glimepiride
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
    Qlibetik 1 mq
Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq qlimepirid vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza, natrium karboksimetilnişasta, povidon, maqnezium-stearat, qırmızı dəmir oksidi (E 172).

    Qlibetik 2 mq
Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq qlimepirid vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza, natrium karboksimetilnişasta, povidon, maqnezium-stearat, sarı dəmir oksidi (E 172), indiqokarmin (E 132).

    Qlibetik 3 mq
Təsiredici maddə: 1 tabletin tərkibində 3 mq qlimepirid vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza, natrium karboksimetilnişasta, povidon, maqnezium-stearat, sarı dəmir oksidi (E 172).

    Qlibetik 4 mq
Təsiredici maddə: 1 tabletin tərkibində 4 mq qlimepirid vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza, natrium karboksimetilnişasta, povidon, maqnezium-stearat, indiqokarmin (E 132).
    
Farmakoloji xüsusiyyətləri:
Qlibetik dərman preparatının tərkibində təsiredici maddə kimi qlimepirid vardır, hansı ki daxilə qəbul edildiyi zaman qanda şəkərin (qlükozanın) miqdarını aşağı salır. Dərman preparatı sulfonilsidikcövhəri törəmələri qrupuna aiddir.

 

İstifadəsinə göstərişlər:
Qlibetik dərman preparatı pəhriz, fiziki məşqlər, həmçinin bədən kütləsinin aşağı salınması kifayət qədər effekt vermədikdə 2-ci tip (insulundən asılı olmayan) şəkərli diabetin müalicəsi zamanı göstərişdir. Dərman preparatı metforminlə və ya insulinlə kombinəolunmuş müalicə zamanı istifadə oluna bilər.

 

Əks göstərişlər:
- qlimepiridə, sulfonilsidikcövhərinin digər peroral törəmələrinə, sulfonamidlərə və ya bu dərman preparatının hər hansı digər komponentinə qarşı yüksək həssaslıq,
- 1-ci tip (insulindənasılı) şəkərli diabet,
- diabetik koma,
- ketoasidoz,
- hamiləlik və laktasiya dövrü,
- böyrəklərin və ya qaraciyərin ağır funksional pozğunluqları. Böyrəklərin və ya qaraciyərin ağır funksional pozğunluqları zamanı dərman preparatını insulinlə əvəz etmək lazımdır.


Xəbərdarlıqlar və ehtiyat tədbirləri:
Qlibetik dərman preparatı ilə müalicə zamanı müntəzəm olaraq qanda şəkərin konsentrasiyasına nəzarət etmək lazımdır. Həkim, həmçinin qanın hematoloji parametrlərinə və qaraciyərin funksiyalarına nəzarət etmək üçün qan analizlərinin keçirilməsini tövsiyə edə bilər.
Pasiyent həkimin qanda şəkərin miqdarını normallaşdırmaq üçün tövsiyə etdiyi müalicə sxeminə əməl etməlidir. Bu, o deməkdir ki, pasiyent tabletlərin müntəzəm olaraq qəbulundan başqa, pəhriz saxlamalı, fiziki məşqlər etməli və lazım gələrsə bədən kütləsini aşağı salmalıdır. Pasiyent, həmçinin, həkimin tövsiyələrinə uyğun olaraq, qanda şəkərin konsentrasiyasının (və ya sidikdə) müntəzəm olaraq təyin edilməsi qayğısına qalmalıdır.
Müalicənin ilk həftələri ərzində hipoqlikemiyanın inkişaf riski yüksələ bilər (qanda şəkərin səviyyəsinin azalması), ona görə də pasiyent həkimin ciddi nəzarəti altında olmalıdır.  
Aşağıdakı hallarda qanda şəkərin konsentrasiyası azala bilər, əgər pasiyent:
- qeyri-müntəzəm qidalanırsa və ya ümumiyyətlə qida qəbulunu buraxırsa,
- aclıq çəkirsə,
- əldən düşmüşdürsə,
- pəhrizi dəyişirsə,
- karbohidrat qəbulunu artırmadan fiziki yükü artırırsa,
- alkoqol qəbul edirsə, xüsusilə qida qəbulunu buraxmaqla eyni zamanda,
- eyni zamanda digər dərman preparatları və ya təbii mənşəli preparatlar qəbul edirsə,
- Qlibetik dərman preparatının yüksək dozalarını qəbul edirsə,
- bəzi endokrin xəstəliklərdən əziyyət çəkirsə (qalxanabənzər vəzinin, hipofizin və ya böyrəküstü vəzinin qabıq maddəsinin funksional pozğunluqları),
- böyrəklərinin funksiyaları zəifləmişdirsə,
- qaraciyər funksiyaları əhəmiyyətli dərəcədə azalmışdırsa,
- həkimin tövsiyələrinə və ya bu içlik-vərəqədə göstərilən tövsiyələrə əməl etmirsə.

Belə risk faktorları mövcud olarsa, həkimi məlumatlandırmaq lazımdır ki, lazım gəldikdə, o, qlimepiridin dozana düzəliş edə və ya müalicə taktikasını dəyişə bilsin.  

Qanda şəkərin səviyyəsi aşağı olan (hipoqlikemiya) pasiyentlərdə aşağıdakı simptomlar meydana çıxa bilər: başağrısı, aclıq hissi, üzülmə, ürəkbulanma, qusma, yorğunluq hissi, yuxuyameyllik, yuxunun pozulması, narahatlıq, aqressiya, diqqəti toplamanın, diqqətin və reaksiya sürətinin azalması,  depressiya, dezorientasiya, nitqin və görmənin pozulması, nitqlı və ya nitqin qavranılması ilə bağlı çətinliklər (afaziya), hiss orqanlarında pozğunluqlar, başgicəllənmə, köməksizlik hissi.
Həmçinin, aşağıdakı simptomlar meydana çıxa bilər: tər ifrazının güclənməsi, yapışqanlı dəri, həyəcan hissi, sürətli ürəkdöyünmə, yüksək arterial təzyiq, güclü və ya qeyri-müntəzəm ürəkdöyünmə (palpitasiya), döş qəfəsində yayıla bilən qəfil ağrı (stenokardiya) və aritmiya.

Qanda şəkərin konsentrasiyasının sonrakı azalması zamanı aydın ifadə olunmuş dezorientasiya (delirium), serbral mənşəli qıcolmalar, özünənəzarətin itməsi meydana çıxa bilər, pasiyentdə səthi tənəffüs baş verə və ürək yığılmalarının tezliyi azala bilər, pasiyent huşunu itirə bilər. Ağır hipoqlikemiya zamanı klinik mənzərə beyin insultunu xatırlada bilər.  

Əksər hallarda hipoqlikemiyanın simptomları pasiyentin şəkər, məsələn, şəkər parçası, şirin şirə, şirin çay (süni şirinləşdiricilər effektiv deyil) qəbul etməsindən sonra  çox sürətlə aradan qalxır.

Hipoqlikemiya simptomları heç olmaya, zəif ifadə oluna və ya tədricən inkişaf edə bilər. Pasiyent qanda şəkərin səviyyəsinin aşağı düşməsini hiss etməyə bilər. Bu, bəzi dərman preparatları (məsələn, mərkəzi sinir sisteminə təsir göstərən dərman preparatları və ya beta-adrenoreseptorların blokatorları) qəbul edən ahıl yaşlı pasiyentlərdə baş verə bilər. Bu, həmçinin  pasiyentin endokrin sistemin bəzi xəstəliklərindən əziyyət çəkdiyi (məsələn, qalxanabənzər vəzinin və hipofizin ön payının funksiyalarının bəzi pozğunluqları və ya böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığı) zaman baş verə bilər.

Stress vəziyyətlərində (məsələn, bədbəxt hadisələr, təcili əməliyyatlar, qızdırma ilə müşayiət olunan infeksiyalar və s.) müalicənin insulinlə müvəqqəti əvəz edilməsi göstəriş ola bilər.  

Qanda şəkərin səviyyəsinin yüksəlməsi simptomları (hiperqlikemiya -  Qlibetik dərman preparatı qanda şəkərin konsentrasiyasını kifayət qədər aşağı salmadıqda, pasiyent həkimin tövsiyələrinə əməl etmədikdə və ya stress situasiyalar yarandıqda inkişaf edə bilər) aşağıdakılardır: yüksəlmiş susuzluq hissi, tez-tez sidiyəgetmə, ağızda quruluq, dərinin quruluğu və qaşınması, göbələk infeksiyaları və ya dərinin göbələk zədələnmələri, pasiyentin aktivliyinin azalması baş verə bilər.  
Вu halda mütləq həkimə müraciət etmək lazımdır.  

Pasiyentdə qlükozo-6-dehidrogenaza çatışmazlığı (nadir irsi xəstəlik) olarsa, həkimə məlumat vermək lazımdır. Bu halda həkim dərman preparatının dəyişdirilməsi barədə qərar qəbul edə bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Pasiyent hazırda qəbul etdiyi, həmçinin qəbul etməyi planlaşdırdığı bütün dərman preparatları barədə həkimə məlumat verməlidir.
Qlibetik dərman preparatının bəzi dərman preparatları ilə birlikdə qəbulu qlimepiridin hipoqlikemik təsirini həm güclənməsinə, həm də zəifləməsinə səbəb ola bilər. Qlibetik dərman preparatı ilə eyni zamanda istifadə olunan digər dərman preparatlarının da təsiri dəyişə bilər. Ona görə də digər dərman preparatlarını yalnız həkimlə razılaşdırdıqdan sonra və ya həkimin təyinatı əsasında qəbul etmək olar.

Qlibetik  dərman preparatının aşağıdakı dərman preparatlarından hər hansı biri ilə kombinəolunmuş istifadəsi zamanı onun hipoqlikemik təsirinin güclənməsi, qanda şəkərin konsentrasiyasının aşağı olması simptomları meydana çıxa bilər:
- digər peroral hipoqlikemik preparatlar və insulin,
- аntibakterial dərman preparatları (məs., хloramfenikol, xinolonlar, tetrasiklinlər, sulfonamidlər, klaritromisin),
- аnalgetik və revmatizməleyhinə dərman preparatları (pirazolon törəmələri, məs., fenilbutazon, azapropazon, oksifenbutazon),
- аnalgetiklər (salisilatlar),
- vərəm əleyhinə dərman preparatları (paraaminosalisil turşusu),
- əzələ gütləsini artıran dərman preparatları (anaboliklər və kişi cinsiyyət hormonları),
- аntikoaqulyantlar (кumarin),
- göbələk əleyhinə dərman preparatları (mikonazol, flukonazol),
- arterial təzyiqi və ya ürək yığılmalarının tezliyini aşağı salan dərman preparatları (angiotenzinçevirici fermentin (AÇF) inhibitorları, beta-adrenoblokatorlar, simpatolitiklər),
- аntiaritmik dərman preparatları (dizopiramid),
- əhvalı yaxşılaşdıran dərman preparatları/antidepressantlar (fluoksetin, MAO inhibitorları),
- iştahanı azaldan dərman preparatları  (fenfluramin),
- hipolipidemik dərman preparatları (fibratlar),
- yenitörəmələrin müalicəsi üçün istifadə olunan bəzi dərman preparatları (siklo-, tro- və ifosfamidlər),
- allergiyaəleyhinə dərman preparatları (tritokvalin),
- qanın dövr etməsini yaxşılaşdırmaq üçün istifadə olunan dərman preparatlarının (pentoksifillin) yüksək dozaları,
- podaqra əleyhinə dərman preparatları (probenesid, allopurinol, sulfinpirazol).

Qlibetik dərman preparatının aşağıdakı dərman preparatlarından hər hansı biri ilə kombinəolunmuş istifadəsi zamanı onun hipoqlikemik təsirinin zəifləməsi, qanda şəkərin konsentrasiyasının yüksək olması simptomları meydana çıxa bilər:
- qadın cinsiyyət hormonları (estrogenlər və progesteron),
- sidik ifrazını gücləndirən dərman preparatları (saluretiklər, tiazid diuretikləri),
- qalxanabənzər vəzinin hormonları,
- qlükokortikosteroidlər,
- qıcolma tutmalarının və ya şizofreniyanın müalicəsi üçün istifadə olunan dərman preparatları (fenitoin, fenotiazin törəmələri),
- аntihipertenziv dərman preparatları (diazoksid),
- vərəm əleyhinə dərman preparatları (rifampisin),
- qanda şəkərin səviyyəsini yüksəldən dərman preparatları (qlükaqon),
- yuxutörədici tabletlər (barbituratlar),
- bəzi göz xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərman preparatları (аsetazolamid),
- ürək yığılmalarının tezliyini yüksəldən dərman preparatları (аdrenalin və simpatomimetiklər),
- hipolipidemik dərman preparatları (nikotin turşusunun törəmələri),
- bağırsağın boşalmasını yüngülləşdirən dərman preparatlarının (işlədicilərin) uzunmüddətli istifadəsi.

Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi zamanı istifadə olunan dərman preparatları (H2 –reseptorların antaqonistləri) və ya antihipertenziv dərman preparatları (beta-adrenergik reseptorların blokatorları, klonidin və rezerpin) qlimepiridin hipoqlikemik təsirini gücləndirə və ya zəiflədə bilər.

Mərkəzi sinir sisteminə təsir göstərən dərman preparatları (beta-adrenergik reseptorların blokatorları, klonidin, quanetidin və ya rezerpin) qanda şəkərin aşağı konsentrasiyasının simptomlarını gizlədə və ya tam aradan qaldıra bilər.

Qlibetik dərman preparatı antikoaqulyantların (kumarin törəmələrinin) təsirini gücləndirə və ya zəiflədə bilər.

 

Qlibetik-in qida və içkilərlə birlikdə istifadəsi:
Dərman preparatı səhər yeməyinə və ya digər əsas qida qəbuluna az qalmış və ya qida qəbulu zamanı qəbul edilir. Tabletləri bütöv şəkildə, su ilə içməklə udmaq lazımdır.  
Аlkoqol Qlibetik dərman preparatının təsirini gözlənilməyən dərəcədə gücləndirə və ya zəiflədə bilər.  

Dərman preparatının qaraciyərin və (və ya) böyrəklərin funksional pozğunluğu olan pasiyentlərdə istifadəsi
Qlibetik dərman preparatının qaraciyərin ağır funksional pozğunluğu olan pasiyentlərdə, həmçinin dializ müalicəsində olan pasiyentlərdə istifadəsinə dair məlumatlar yoxdur. Böyrəklərin və ya qaraciyərin ağır funksional pozğunluğu olan pasiyentlərdə dərman preparatının insulinlə əvəz edilməsi göstərişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə və ya hamiləliyə şübhə olduqda və ya əgər qadın hamiləliyi planlaşdırırsa, bu dərman preparatının istifadəsindən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Hamiləlik dövründə Qlibetik dərman preparatının istifadəsi əks göstərişdir. Hamiləlik dövründə insulin istifadə etmək lazımdır. Hamiləlik planlaşdıran pasiyent qadınlar bu barədə həkimi məlumatlandırmalıdırlar.
Laktasiya: Qlibetik dərman preparatının laktasiya dövründə istifadəsi əks göstərişdir.  

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Hipoqlikemiya və ya hiperqlikemiya nəticəsində, həmçinin görmənin pozulması nəticəsində pasiyentin diqqəti toplama qabiliyyəti və reaksiya sürəti ləngiyə bilər. Bu, nəqliyyat vasitələrini idarəetmə və mexanizmlərə qulluqetmə qabiliyyətinə xoşagəlməz təsir göstərə bilər. Belə vəziyyətlərdə avtomobil idarə etməyin və ya mexanizmlərə qulluq etməyin məqsədəuyğun olub-olmaması araşdırılmalıdır.

Qlibetik dərman preparatının tərkibində laktoza vardır.
Əgər əvvəllər pasiyentdə bəzi şəkərlərə qarşı dözümsüzlük müəyyən edilmişdirsə, o zaman dərman preparatının qəbulundan əvvəl, o, həkimlə məsləhətləşməlidir.

 

İstifadə qaydası və dozası:
Bu dərman preparatını həmişə həkimin tövsiyələrinə müvafiq olaraq qəbul etmək lazımdır. Hər hansı şübhə olarsa, həkimə müraciət etmək lazımdır. Müxtəlif pasiyentlər üçün dərman preparatı-nın dozası fərdi olaraq seçilməlidir.  
Xarici faktorların, pəhrizin, fiziki məşğələlərin dəyişdirilməsi, stress dərman preparatının dozalanmasının dəyişdirilməsini tələb edə bilər. Peroral hipoqlikemik dərman preparatları və ya insulin tövsiyə olunan pəhrizə əməl olunmadıqda effektiv olmur.

Dozalanmanı qanda və ya sidikdə qlükozanın konsentrasiyasının təyini nəticələrindən asılı olaraq həkim müəyyən edir.
Adətən, qlimepiridin birdəfəlik gündəlik dozası kifayət edir. Dərman preparatını  səhər yeməyinə və ya (səhər yeməyi buraxıldıqda) digər əsas qida qəbuluna az qalmış və ya qida qəbulu zamanı qəbul etmək tövsiyə olunur.

Tabletləri bütöv şəkildə, su ilə içməklə udmaq lazımdır.  
Başlanğıcda qlimepirid gündə 1 mq dozada qəbul edilir. Əgər belə doza qlikemiyaya yaxşı nəzarəti təmin edirsə, onu dəstəkləyici doza kimi qəbul etmək lazımdır.
Kafi nəzarət olmazsa, həkim qlikemiyaya nəzarətin nəticələrinə əsasən qlimepiridin gündəlik dozası 2, 3 və ya 4 mq-a çatana qədər 1-2 həftəlik intervallarla dozanı tədricən yüksəldə bilər.  
Yalnız müstəsna hallarda qlimepiridin gündə 4 mq-dan artıq dozası daha yaxşı müalicəvi nəticələr verir.

Tövsiyə olunan maksimal gündəlik doza 6 mq qlimepirid təşkil edir.

Metforminin maksimal gündəlik dozasının istifadəsindən sonra qənaətbəxş effektivlik əldə edilməyən pasiyentlərdə, həkim qlimepiridlə kombinəolunmuş müalicə istifadə edə bilər. Metforminin dozası saxlanmaqla, Qlibetik dərman preparatının kiçik dozaları ilə müalicəyə başlamaq lazımdır, hansı ki, qlükozanın konsentrasiyasına nəzarətin effektivliyindən asılı olaraq maksimal gündəlik dozaya qədər artırılır.  Kombinəolunmuş müalicəyə ciddi həkim nəzarəti altında başlamaq lazımdır.

Qlibetik dərman preparatının maksimal gündəlik dozasının istifadəsindən sonra qənaətbəxş effektivlik əldə edilməyən pasiyentlərdə, lazım gələrsə, həkim eyni zamanda insulinlə müalicəyə başlaya bilər. Qlibetik dərman preparatının dozası saxlanmaqla, insulinin kiçik dozaları ilə müalicəyə başlamaq lazımdır, hansı ki, qlükozanın konsentrasiyasına nəzarətin effektivliyindən asılı olaraq tədricən maksimal gündəlik dozaya qədər artırılır.  Kombinəolunmuş müalicəyə ciddi həkim nəzarəti altında başlamaq lazımdır.

Müalicə müddətində şəkərli diabetə nəzarətin yaxşılaşması nəticəsində insulinə həssaslıq yüksəldiyi zaman, qlimepiridə olan tələbat azala bilər.  Bunu nəzərə alaraq, hipoqlikemiyadan qaçmaq üçün dərman preparatının dozasının azaldılması və ya tamamilə ləğv edilməsi imkanı nəzərdən keçirmək lazımdır. Həkim, həmçinin pasiyentin bədən kütləsinin və ya həyat tərzinin dəyişməsi, həmçinin hipo- və ya hiperqlikemiya riskini yüksəldən digər faktorların meydana çıxması zamanı dozalanmanın dəyişdirilməsinin zəruriliyi barədə qərar qəbul edə bilər.

Digər peroral hipoqlikemik dərman preparatlarının Qlibetik dərman preparatı ilə əvəz edilməsi:
Digər peroral hipoqlikemik dərman preparatlarını Qlibetik dərman preparatı ilə əvəz etməklə müalicə üsulunu dəyişdirmək mümkündür. Qlibetik dərman preparatının tövsiyə olunan başlanğıc dozası  1 mq/gün təşkil edir.
Müalicəyə olan reaksiyadan asılı olaraq, həkim Qlibetik dərman preparatının dozasını yuxarıda göstərilən tövsiyələrə uyğun olaraq tədricən yüksəldə bilər.  

İnsulinin Qlibetik dərman preparatı ilə əvəz edilməsi:
Müstəsna hallarda 2-ci tip şəkərli diabeti olan və insulinlə müalicə almış pasiyentlərdə müalicənin Qlibetik dərman peparatı ilə müalicəyə dəyişdirilməsi göstəriş ola bilər. .
Müalicə üsulunun dəyişdirilməsi ciddi həkim nəzarəti altında həyata keçirilməlidir.

Böyrək və ya qaraciyər çatışmazlığı zamanı istifadəsi:
Bax: “Əks göstərişlər” bölməsi. Qlibetik dərman preparatının istifadəsindən əvvəl bilmək lazım olan məlumat.
Əgər dərman preparatının təsirinin həddindən artıq güclü və ya zəif olması barədə təəssürat yaranarsa, həkimə müraciət etmək lazımdır. Sərbəst şəkildə dərman preparatının dozalanmasını dəyişmək tövsiyə olunmur.

 

Doza həddinin aşılması:
Dərman preparatının tövsiyə olunduğundan artıq dozada qəbul edilməsi zamanı, dərhal həkimə müraciət etmək lazımdır, həkim müvafiq müalicə tədbirləri görəcəkdir.
Həddindən artıq yüksək dozanın qəbul edilməsi hipoqlikemiya törədə bilər, hansı ki, 12 saatdan 72 saata qədər davam edə bilər (simptomlar üçün bax: “Xəbərdarlıqlar və ehtiyat tədbirləri”). Simptomlar dərman preparatının artıq miqdarının qəbulundan yalnız 24 saat sonra meydana çıxa bilər. Doza həddinin əhəmiyyətli dərəcədə aşılması zamanı mədəni yumaq və pasiyentə aktivləş-dirilmiş kömür vermək lazımdır. Əgər hipoqlikemiya simptomları olan pasiyentin huşu özündədirsə, onda süni qusma törətmək, ona aktivləşdirilmiş kömürlə birlikdə su və ya limonad, natrium-sulfat (işlədici dərman vasitəsi kimi), həmçinin karbohidrat (şəkər) vermək lazımdır.  

Qlibetik dərman preparatının qəbulunun buraxılması:
Dərman preparatının dozası buraxıldığı zaman, onu mümkün qədər tez qəbul etmək lazımdır. Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək tövsiyə olunmur.
Вu dərman preparatının istifadəsi ilə bağlı hər hansı şübhə yaranarsa, həkimə müraciət etmək lazımdır.  

Mümkün əlavə təsirləri:
Hər hansı digər dərman preparatı kimi, bu dərman preparatı da, hər kəsdə olmasa da əlavə təsir göstərə bilər.

Əlavə təsirlərin başvermə tezliyinin aşağıdakı təsnifatı qəbul edilmişdir:

Çox tez-tez  (10 pasiyentdən 1-dən çoxunda baş verir): qeyd edilməmişdir.
Tez-tez (100 pasiyentdən 1-dən çoxunda və 10 pasiyentdən 1-dən azında baş verir): qeyd edilməmişdir.

Bəzən (100 pasiyentdən 1-dənazında və 1000 pasiyentdən 1-dən çoxinda baş verir): görmənin adətən müalicənin əvvəlində müşahidə olunan pozulması.

Nadir (1000 pasiyentdən 1-dən azında və 10 000 pasiyentdən 1-dən çoxunda baş verir):  qan formulunun dəyişməsi, hipoqlikemiya (və ya qanda şəkərin səviyyəsinin aşağı olması, hansı ki, adətən, qəflətən baş verir və ağır nəticələrə səbəb ola bilər – həmçinin bax: “Əks göstərişlər” və “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölmələri), qaraciyər funksiyalarının pozulması (qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi).

Çox nadir (tək-tək hallar daxil olmaqla, 10 000  pasiyentdən 1-dən azında): yüksək həssaslıq reaksiyaları (adətən zəif ifadə olunur, həmçinin, boğulma ilə, arterial təzyiqin aşağı düşməsi ilə, hətta şokla  müşayiət olunmaqla, ağır ola bilər), allergik vaskulit, sulfonilsidikcövhəri törəmələrinə, sulfonamidlərə və ya oxşar birləşmələrə qarşı çarpaz yüksək həssaslıq reaksiyası, ürəkbulanma, qusma, həmçinin diareya,  mədənin sıxılması və ya dolması hissi, qarında ağrı, qaraciyər funksiyalarının pozulması (məs., xolestazla və ya sarılıqla birlikdə), hepatit, qaşınma, səpgi, həmçinin övrə kimi allergik dəri reaksiyalarının simptomları, fotosensibilizasiya, zərdabda natriumun konsentrasiyasının azalması.  

Hər hansı əlavə təsir, o cümlədən bu içlik-vərəqədə qeyd edilməyən istənilən arzuolunmaz təsir meydana çıxarsa, bu barədə həkimə məlumat vermək lazımdır.
    
Saxlanma şəraiti: 25C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Dərman preparatlarını çirkab sularına və məişət tullantıları içərisinə atmaq tövsiyə edilmir. Artıq lazım olmayan dərman preparatı ilə nə etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.
    
İstehsalçı: Lisenziyanın sahibi, Əczaçılıq zavodu «POLFARMA» SC, Pelplinsk küç., 19, 83-200 Staroqard Qdanski, Polşa.

 

Qlibetik dərman preparatı pəhriz, fiziki məşqlər, həmçinin bədən kütləsinin aşağı salınması kifayət qədər effekt vermədikdə 2-ci tip (insulundən asılı olmayan) şəkərli diabetin müalicəsi zamanı göstərişdir. Dərman preparatı metforminlə və ya insulinlə kombinəolunmuş müalicə zamanı istifadə oluna bilər.