OTRIVIN (uşaqlar üçün burun damcısı)
Beynəlxalq patentləşdirilməmiş adı: Ksilometazolin - Xylometazoline.
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,5 mq və ya 1 mq Ksilometazolin-hidroxlorid vardır.
Köməkçi maddələr: natrium-hidrofosfat, natrium-dihidrofosfat, natrium-xlorid, natrium EDTA, benzalkonium-xlorid, metilhidroksipropilsellüloza 4000 mPaS, 70%-li sorbitol, təmizlənmiş su.

 

Təsviri: iysiz, şəffaf, rəngsiz məhlul.

 

Farmakoterapevtik qrupu: Alfa-adrenomimetik.
ATC kodu: R01AA07.

 

Farmakoloji xüsusiyyətləri:
Ksilometazolin alfa-adrenomimetik təsirli yerli damar daraldıcı qrupa aid preparatdır.
- burunun selikli qişasındakı damarları daraldaraq, burun-udlaqda yaranmış ödemin və hiperemiyanın qarşısını alır;
- rinitlərdə burun tənəffüsünü yaxşılaşdırır;
- terapevtik dozada, selikli qişanı qıcıqlandırmır, hiperemiya törətmir.
Preparatın təsiri bir-neçə dəqiqədən sonra başlayaraq, bir-neçə saat davam edir.
Farmakokinetikası:
Yerli istifadə olunduqda praktik olaraq qana sorulmur, qana çox cüzi miqdarda daxil olur ki, hətta müasir analitik metodlarla onun qatılığını təyin etmək mümkün olmur.

 

İstifadəsinə göstərişlər:
-  rinit əlamətləri ilə müşayiət olunan kəskin respirator xəstəliklər;
-  kəskin allergik rinitlər;
-  pollinoz;
-  sinusit;
-  yevstaxit;
-  ortaotit;
-  burun keçəcəklərində diaqnostik əməliyyatlardan əvvəl.


Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, arterial hipertenziya, taxikardiya, atero-skleroz, qlaukoma, atrofik rinit, hipertrioz, beyin qişalarında aparılan cərrahi əməliyyatlar (anamnezdə). Şəkərli diabetdə ehtiyatla istifadə edilməlidir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
MAO inhibitorları və trisiklik antidepressantlarla birlikdə istifadə etmək olmaz.

 

Xüsusi göstərişlər:
Preparatı uzun müddət istifadə etmək olmaz, məsələn, xroniki rinitdə.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Preparatın istifadəsindən əvvəl onun dölə olan potensial zərəri və anaya olan müsbət təsiri qiymətləndirilməlidir. Məsləhət görülən dozadan artıq istifadə etmək olmaz.

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Ksilometazolin məsləhət görülən dozadan artıq istifadə etdikdə nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.

 

İstifadə qaydası və dozası:
0.05% uşaqlar üçün burun damcısı:
körpə və 6 yaşa qədər uşaqlara: Hər burun keçəcəyinə 1-2 damcı, gündə 1-2 dəfə damızdırılır. Gündə 3 dəfədən artıq istifadə etmək olmaz.
6 yaşdan böyük uşaqlar: Hər burun keçəcəyinə gündə 3-4 dəfə 2-3 damcı.
0.1%-li damcı:
6 yaşdan böyük uşaqlar və böyüklər üçün: Hər burun keçəcəyinə gündə 3-4 dəfə 2-3 damcı damızdırılır.

 

Əlavə təsirləri:
Tez-tez yaxud uzun müddət istifadə etdikdə, burun-udlağın selikli qişasının qıcıqlanması və yaxud quruması, qıcıqlanma, iynə batma hissi, asqırma, hipersekresiya.
Bəzi hallarda - burunun selikli qişasının ödemi, taxikardiya, aritmiya, arterial təzyiqin artması, başağrısı, qusma, yuxusuzluq, görmənin pozulması, depressiya (uzun müddət, yüksək dozalarda qəbul etdikdə).

 

Doza həddinin aşılması:
Simptomları: əlavə təsirlərin güclənməsi. Müalicəsi simptomatikdir.

 

Buraxılış forması: 0,1%-li və 0,05%-li burun damcısı-10 ml plastik flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 30 °C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək
olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: Novartis Consumer Health SA, İsveçrə  AZ 905908 -144311 NOVARTIS