ESSEL FORTE (kapsullar)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər kapsulun tərkibində: Essensial fosfolipidlər (EPL-substansiya) 300 mq; Tiamin mononitrat (vit. B1) 6 mq; Riboflavin (vit. B2) 6 mq; Piridoksin xlorid (vit. B6) 6 mq; Sianokobalamin (vit. B12) 6 mkq; Nikotinamid (vit. PP, vit. B3) 30 mq; Tokoferol asetat (vit. E) 6 mq.

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə.

Farmakoloji xassələri:
Essensial fosfolipidlər - qaraciyərin hüceyrə membranlarının və hüceyrə orqanoidlərinin əsas struktur elementləridir. EPL-in tərkibinə təbii mənşəli xolin fosfor turşusunun diqliseridli efiri, doymamış yağ turşuları ilə zəngin olan soya paxlalarının ekstraktı daxildir. Doymamış yağ turşularından linol (70%), linolen və olein turşuları üstünlük təşkil edir. Qaraciyərdə metabolizm mənşəli pozğunluqlarda preparat qaraciyərin yüksək enerjili essensial fosfolipidlər ilə təminatını həyata keçirir. Bu fosfolipidlər kimyəvi strukturuna görə endogen fosfolipidlərə çox yaxındır. Onlar qaraciyər hüceyrələrinə daxil olaraq hüceyrə membranlarında fəaliyyət göstərirlər.
Essensial fosfolipidlər qaraciyərin funksiyasını normallaşdırır, qaraciyər hüceyrəsinin fermentativ aktivliyini artırır, qaraciyərin enerji israfını azaldır, regenerasiya qabiliyyətini artırır, neytral yağları və xolesterini asan parçalanan formaya çevirir, ödün fiziki-kimyəvi xassələrini stabilləşdirir.
Tiamin mononitrat (vitamin B1) - orqanizmdə fosforlaşma prosesi nəticəsində bir sıra fermentativ proseslərin koenzimi olan kokarboksilazaya çevrilir. Karbohidrat, zülal və yağ mübadiləsində vacib rol oynayır. Sinapslarda sinir oyanmalarının ötürülməsində iştirak edir. Hüceyrə membranlarını peroksid oksidləşmə məhsullarının təsirindən qoruyur.
Riboflavin (vitamin B2) - metabolik təsir göstərir. ATF-lə əlaqəyə girərək flavinproteinlərin koenzimini əmələ gətirir ki, bunlar da suksinatdehidrogenaza, sitoxromreduktaza, diaforaza, aminturşu oksidaza və s. kimi fermentlərin tərkib hissəsidir. Oksidləşmə-reduksiya reaksiyalarını tənzimləyərək toxuma tənəffüsündə H+ ionlarının daşınmasında, karbohidrat, zülal, yağ mübadiləsində iştirak edir. Gözün normal görmə qabiliyyətini tənzimləyir, Hb və eritropoetin sintezində iştirak edir. Eritrositlərin tamlığının qorunmasını, triptofanın niasinə çevrilməsini təmin edir. Normal bağırsaq mikroflorası tərəfindən sintez olunur və bu mikrofloranın normal fəaliyyəti üçün özü böyük əhəmiyyət kəsb edir.
Piridoksin xlorid (vitamin B6) - mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Orqanizmdə triptofan, metionin, sistein, qlütamin və başqa amin turşularının mübadiləsində iştirak edir, eritrositlərin sintezini stimulə edir, bir sıra neyromediatorların (dopamin, noradrenalin və s.) biosintezində iştirak edir. Sianokobalamin ilə birlikdə sinir toxumasında iltihabi prosesi aradan qaldırır, regenerasiyanı sürətləndirir. Lipid mübadiləsini normallaşdırır.
Sianokobalamin (vitamin B12) - metabolik, homopoetik təsirə malikdir. Orqanizmdə (əsasən qaraciyərdə) koenzim formaya - adenozilkobalamin və ya kobamamidə çevirilir ki, bu da B12 vitaminin aktiv forması olaraq çox saylı fermentlərin, o cümlədən fol turşusunu tetrahidrofol turşusuna çevirən reduktazanın tərkibində olur. Eritrositlərin hemolizə qarşı müqavimətini artırır. Qanda xolesterinin miqdarını azaldır. Qaraciyərin və sinir sisteminin funksiyasına müsbət təsir göstərir. Toxumaların regenerasiya qabiliyyətini artırır.
Nikotinamid (vitamin PP, vitamin B3) - quruluşuna görə nikotin turşusuna yaxındır. Hüceyrədə oksidləşmə-reduksiya reaksiyalarında iştirak edən I (NAD) və II (NADF) kodehidrogenazanın əsas komponentidir. Yağların, zülalların, amin turşularının, purinlərin metabolizmində, toxuma tənəffüsündə, qlikogenolizdə iştirak edir. Pellaqra əleyhinə təsirə malikdir.
Tokoferol asetat (vitamin E) - yağda həll olan vitamin olub, funksiyası sona qədər öyrənilməmişdir. Hüceyrə və subhüceyrə membranlarını zədələyən peroksidlərin əmələ gəlməsində iştirak edən sərbəst radikalları ləngitməklə antioksidant təsir göstərir ki, bu da sinir və əzələ sisteminin normal fəaliyyəti üçün çox vacibdir. Selen ilə birlikdə doymamış yağ turşularının oksidləşməsinin, eritrositlərin hemolizinin qarşısını alır. Bəzi fermentativ sistemlərin kofermentidir.

 

İstifadəsinə göstərişlər:
- xroniki hepatit
- qaraciyər sirrozu
- qaraciyər hüceyrələrinin nekrozu
- qaraciyərin müxtəlif etiologiyalı piy degenerasiyası (şəkərli diabet)
- qaraciyərin toksiki zədələnmələri
- hamiləlik toksikozu
- hepato-biliar zonada cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakı müalicə dövrü
- psoriaz (köməkçi terapiya kimi)
- radiasion sindrom
- şiş əleyhinə kompleks terapiya

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
Daxilə. 2 kapsuldan gündə 2-3 dəfə, qida qəbulu zamanı.

 

Əlavə təsirləri:
Nadir hallarda: epiqastral nahiyədə narahatlıq, diareya.

 

Buraxılış forması: Hər blisterdə 10 kapsul olmaqla, 3 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.

Yararlılıq müddəti: 3 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı: «Nabros Pharma Pvt.Ltd.» - firması tərəfindən istehsal olunur. Neşnel Xayvey, 8, Kxeda - 387 411, Hindistan.

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com