AMLOVAS (5mq və 10mq-lıq tabletlər)
Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Amlovas 5mq-lıq tabletlər:
Təsiredici maddə: Hər tabletin tərkibində 5 mq Amlodipinə ekvivalent olan Amlodipin-bezilat vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, qarğıdalı nişastası, maqnezium-stearat, distillə suyu.
Amlovas 10mq-lıq tabletlər:
Təsiredici maddə: Hər tabletin tərkibində 10 mq Amlodipinə ekvivalent olan Amlodipin-bezilat vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, qarğıdalı nişastası, maqnezium-stearat, distillə suyu.

 

Farmakoterapevtik qrupu: Kalsium kanallarının blokatoru.

Farmakoloji xüsusiyyətləri:
Farmakodinamikası:
Amlodipin – dihidropiridin törəməsi olub, antihipertenziv, antianginal, spazmolitik və damargenəldici təsirlərə malikdir. Miokardın və qan damarlarının saya əzələ hüceyrələrinin membranlarından kalsium ionlarının keçməsini əngəlləyir.
Hipotenziv təsir mexanizmi damarların saya əzələlərinə genəldici təsir göstərməsi ilə izah olunur. Preparatın antianginal təsiri, periferik arteriolaları genişləndirici təsiri ilə əlaqələndirilir ki, bu da ümumi periferik damar müqavimətini azaldır.
Ürəyin işinin azalması miokardın oksigenə olan tələbatının azalmasına səbəb olur. Bundan başqa koronar arteriyaların genişlənməsi miokardın oksigenlə təchizatını yaxşılaşdırır (xüsusən vazospastik stenokardiyada).
Amlovas maddələr mübadiləsinə və plazma lipidlərinə mənfi təsir göstərmir, böyrəklərdə filtrasiyanı sürətləndirir. Diabetik nefropatiyalarda mikroalbuminuriyanın səviyyəsini artırmır.
Farmakokinetikası:
Qəbul edildikdən sonra mədə-bağırsaq traktından (90%) absorbsiya olunur, preparatın qanda maksimal konsentrasiyası 6-12 saatdan sonra müşahidə olunur. Qanın plazmasında stabil qatılığa preparatın 7-8 günlük mütəmadi qəbulundan sonra nail olmaq olar.
Preparat yüksək həcmli paylanma qabiliyyətinə malikdir - 20 l/kq, 95%-i qanın plazma zülalları ilə birləşir.
Preparatın yarımparçalanma dövrü 35-45 saatdır ki, bu da onu sutkada 1 dəfə təyin etməyə imkan verir.
Amlovas əsasən qaraciyərdə qeyri-aktiv metabolitlərə parçalanır, 10%-ə qədəri orqanizmdən dəyişilməz şəkildə xaric olunur, 60%-i böyrəklərlə, 20-25%-i metabolitlər şəklində ödlə, bir hissəsi də ana südü ilə xaric olunur.

 

İstifadəsinə göstərişlər:

  • Arterial hipertenziya (monoterapiya şəklində və tiazid diuretik, APF inhibitor və ya a- və β-adrenoblokatorlar ilə kombinasiyada);
  • Stabil və vazospastik stenokardiya (Prinsmetal və variant stenokardiyalarının əlavəsi ilə);
  • Dilatasion (işemik) kardiomiopatiya, ağır formalı xroniki ürək çatışmazlığı ilə.

 

Əks göstərişlər:

  • Amlodipinə və başqa dihidropiridin törəmələrinə qarşı hiperhəssaslıq;
  • Arterial hipotenziya.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Tiazid diuretiklər, a- və β-adrenoblokatorlar, APF inhibitorları, qısa və uzun müddətli təsirə malik olan nitratlar, qeyri-steroid iltihab əleyhinə preparatlar, antibiotiklər, hipoqlikemik preparatlar ilə birgə verilməsi təhlükə yaratmır.
Amlodipin və simetidinin birgə verilməsi amlodipinin farmakokinetikasına təsir göstərmir.
Amlodipin və varfarinin birgə təyin edilməsi: varfarinin protrombin vaxtına təsiri dəyişilməz qalır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə preparatın qəbulu zamanı təhlükəsizlik təsdiq olunmayıb. Buna görə də hamiləlik və laktasiya dövründə preparatın qəbul edilməsi, yalnız xəstəliyin yaratdığı təhlükə, preparatın ana və döl üçün törədə biləcəyi təhlükədən artıq olduqda mümkündür. Laktasiya dövründə preparatı süd verməni dayandırmaq şərti ilə təyin etmək olar.
Uşaqlarda preparat tətbiq olunmayıb.

 

Xüsusi göstərişlər:
Qaraciyərin funksiyasının pozulmasında, aorta stenozu zamanı, xroniki ürək çatışmazlığı zamanı preparatı ehtiyatla təyin etmək lazımdır.

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Avtotransport və dəqiq mexanizmlərin idarəetməsinə təsiri yoxdur.

 

İstifadə qaydası və dozası:
Arterial hipertenziya və stenokardiya zamanı başlanğıc doza gündə 5 mq təşkil edir. Lazım gələrsə gündəlik doza 10 mq-a qədər artırıla bilər. Dilatasion kardiomiopatiya zamanı müalicəni gündə 5 mq doza ilə başlayırlar, sonra isə dozanı tədricən gündə 1 dəfə olmaq şərti ilə 10 mq-a çatdırırlar. Maksimal gündəlik doza – 10mq. Amlovas tiazid diuretiklər, β-adrenoblokatorlar və APF inhibitorları ilə birgə təyin edildikdə dozanın korreksiyasına ehtiyac yoxdur.

 

Doza həddinin aşılması:
Simptomlar: kəskin arterial hipotenziya.
Müalicə: ürək-damar sistemi funksiyasının təmin olunması, ürək və ağciyər göstəricilərinin monitorlaşdırılması, ayaqların qaldırılmış vəziyyətdə saxlanması, sirkulyasiya olunan qanın və diurezin həcminə nəzarət. Damarların tonusunun bərpa edilməsi üçün – damardaraldıcı preparatların təyin edilməsi (onların təyinatı üçün əks göstəriş olmadıqda); kalsium kanallarının blokadasının yaratdığı təsirləri aradan qaldırmaq üçün venadaxilinə kalsium qlükonat məhlulunun yeridilməsi. Hemodializ effektsizdir.

 

Əlavə təsirləri:
Ürək-damar sisteminə: ürəkdöyünməsi, təngənəfəslik.
Mərkəzi sinir sisteminə: başgicəllənmə, başağrısı, yuxululuq, halsızlıq, əzələ qıcolmaları, asteniya, mialgiya;
Mədə-bağırsaq sisteminə: dispeptik pozğunluqlar, ürəkbulanma, qarın nahiyəsində ağrılar, dispepsiya, qaraciyər transaminazalarının səviyyəsinin artması, sarılıq.
Dermatoloji reaksiya: allergik reaksiyalar (dəri səpgiləri, qaşınma).
Başqa orqanlara: ödem, impotensiya, damaqların hiperplaziyası, ginekomastiya.

 

Buraxılış forması: 5mq və 10mq-lıq tabletlər. Hərəsində 10 tablet olmaqla, 2 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Yararlılıq müddəti: 3 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti: 30ºC-dək temperaturda, işıqdan qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti: Həkim resepti ilə buraxılır.

İstehsalçı: Yunik Farmasyutikal Laboratoriz, («C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi) – firması tərəfindən istehsal olunmuşdur.
Hindistan, Mumbay 400 030, Vorli, Hind Sikl Rod, Nilam Sentr.

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41 Faks: (+994 12) 430-80-51 Е-mail: info@tetrada-az.com www.tetrada-az.com