METROGİL - METROGYL (infuziya üçün məhlul)
Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole
Kimyəvi adı: 1-(β-oksietil)-2 metil-5 nitroimidazol

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Hər 1 ml məhlulda:
Metronidazol F.ABŞ - 5 mq.


Farmakoterapevtik qrupu: Antimikrob və antiprotozoy dərman vasitəsi.

 

Farmakoloji xassələri:
Metrogil geniş spektrli effektiv antiprotozoy və antibakterial vasitədir. Preparat Trichomonas vaginalis, Giardia intestinalis, Entamoeba histolytica, Lamblia intestinalis, həmçinin obliqat anaerob mikroorqanizmlərə qarşı təsirlidir.
Aerob və fakültativ anaerob mikroorqanizmlər Metrogil-ə qarşı həssas deyillər. Qarışıq flora olduqda Metrogil adi aeroblara qarşı effektiv olan preparatlarla birgə işlədilə bilər.
Farmakodinamika Preparatın təsir mexanizmi metronidazolun 5-nitroqrupunun anaerob mikroorqanizmlərin və ibtidailərin hüceyrədaxili nəqliyyat proteinləri tərəfindən reduksiyası ilə əlaqədardır. Reduksiya edilmiş 5-nitroqrup mikroorqanizmlərin hüceyrələrinin DNT-si ilə əlaqəyə girərək nuklein turşularının sintezini zəiflətməklə onların məhvinə səbəb olur.
Farmakokinetika
500 mq Metrogil vena daxilinə yeridildikdə anaerob infeksiyalı xəstənin qan zərdabında 20 dəq-dən sonra preparatın konsentrasiyası 35,2 mkq/ml, 4 saatdan sonra 33,9 mkq/ml, 8 saatdan sonra 25,4 mkq/ml təşkil edir.
Preparat yüksək nüfuzetmə qabiliyyətinə malik olub, toxumaların və bioloji mayelərin əksəriyyətində məs.: ağciyər, böyrəklər, qaraciyər, dəri, beyin toxumalarında, onurğa beyin, öd, ağız suyu, vaginal, toxum, dölətrafı, abses mayelərində, ana südünün tərkibində bakteriosid qatılığa çatır. Qan zülalları ilə zəif birləşmələr əmələ gətirir ki, buda 10-20%-dən çox deyil. Venadaxilinə yeritdikdə, normal öd əmələgəlmədə, metronidazolun öddəki qatılığı, qan plazmasındakı qatılığından çox olur. Yarımparçalanma dövrü 6-7 saatdır. Böyrək klirensi 10,2 ml/dəq.-dir. Təkrar istifadə nəticəsində preparatın qan zərdabında kumulyasiyası müşahidə olunur. Ona görə də, kəskin böyrək çatmamazlığı olan xəstələrdə dərman qəbulları arasındakı intervalı uzatmaq lazımdır.

 

İstifadəsinə göstərişlər:
İnyeksiya üçün Metrogil preparata qarşı həssas mikroorqanizmlərin törətdiyi infeksiyalarda istifadə olunur:
- cərrahi müdaxilələr zamanı, əsas etibarı ilə də qarın boşluğu üzvləri və sidik yolları üzərində;
- anaerob infeksiyaların müalicə və profilaktikasında;
- ağır, qarışıq aerob-anaerob infeksiyaların kombinəolunmuş terapiyasında;
- qaraciyər və bağırsaq amöbiozunun ağır formalarında;
- sepsis;
- peritonit;
- osteomielit;
- ginekoloji infeksiyalar;
- kiçik çanaq üzvləri və baş beyinin absesində;
- absesləşmiş pnevmoniya;
- qazlı qanqrena;
- dəri, yumşaq toxumalar, sümük və oynaq infeksiyalarında.

 

Əks göstərişlər:
- metronidazol və ya diğər nitroimidazol törəmələrinə qarşı həssaslığın olması;
- MSS-nin üzvi zədələnmələri;
- qan xəstəlikləri;
- hamiləlik (I trimestr);
- laktasiya dövrü.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Varfarin və digər dolayı təsirli antikoaqulyantların təsirini artırmaqla protrombinin əmələ gəlməsini ləngidir.
Disulfiram (esperal) - birgə qəbulu bəzi nevroloji simptomların inkişafına səbəb ola bilər. Ona görə də son 2 həftə ərzində disulfiram qəbul etmiş xəstələrə metronidazol təyin etmək məsləhət deyil.
Simetidin - metronidazolun metabolizmini ləngidir, bu da onun zərdabdakı qatılığının çoxalmasına və əlavə təsirlərin yaranma təhlükəsinin artmasına səbəb ola bilər.
Qaraciyərdə mikrosomal oksidləşmə fermentlərini stimulə edən preparatlarla (məs. fenobarbital, fenitoin) eyni vaxtda istifadəsi Metrogil-in eliminasiyasını sürətləndirir ki, bu da onun qandakı konsentrasiyasının azalmasına səbəb olur.
Uzunmüddətli litium müalicəsi götürən xəstələrdə Metrogil-in təsirindən litiumun qan plazmasında qatılığının artması və orqanizmin intoksikasiyası baş verə bilər.
Sulfaniamidlər və antibiotiklər Metrogil-in effektini artırır.

 

İstifadə qaydası və dozası:
Metrogil ağır gedişli infeksiyalarda və preparatın daxilə qəbulu mümkün olmadıqda venadaxilinə yeridilir.
12 yaşından yuxarı uşaqlar və böyüklər üçün birdəfəlik doza 500mq, venadaxili istifadədə 5ml/dəq təşkil etməklə, istifadələr arasındakı interval 8 saatdır. Müalicə kursunun müddəti fərdi olaraq təyin edilir. Sutkalıq maksimal doza 4,0 qr.-dır.
12 yaşınadək uşaqlara bədən çəkisinin 7,5mq/kq olmaqla 3 dəfəyə 5ml/dəq sürətilə;
Kəskin böyrək və/və ya qaraciyər çatmamazlığı olan xəstələrə sutkalıq doza 2 dəfəyə qəbul edilməklə 1000mq təşkil edir.
Venadaxili istifadə üçün nəzərdə tutulan Metrogil məhlulunu digər dərman preparatları ilə qarışdırmaq məsləhət deyil!
Əlavə təsirləri
Mədə-bağırsaq sistemi tərəfindən: ürəkbulanma, qusma, diareya, iştahanın azalması, ağızda metal tamı, epiqastral nahiyədə ağrılar.
MSS-i tərəfindən: uzunmüddətli istifadədə baş ağrıları, başgicəllənmə, oyanıqlığın artması, depressiya, yuxunun pozulması, zəiflik, nadir hallarda şüurun pozulması, hallüsinasiyalar, qıcolmalar.
Sidik-cinsiyyət sistemi tərəfindən: sidik kanalında yandırma hissiyyatı, cinsiyyət üzvlərinin florasının kandidozu.
Dermatoloji reaksiyalar: allergik reaksiyalar. (səpgilər, qaşınma və s.)
Sümük sistemi: artralgiyalar.
Qanyaranma sistemi tərəfindən: leykopeniya.
Metrogil-in istifadəsi müddəti boyu sidiyin qırmızı-qəhvəyi rəngə boyanması müşahidə oluna bilər.

 

Buraxılış forması: Məhlul 100 ml-lik (5mq/ml) plastik flakonlarda buraxılır. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Yararlılıq müddəti:  3 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanılma şəraiti: 25ºC-dən aşağı temperaturda, işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Aptekdən buraxılma şərti: Həkim resepti ilə buraxılır.

 

İstehsalçı: Yunik Farmasyutikal Laboratoriz, («C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan