METROGİL-P - METROGYL-P (məhlul)
Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole + Povidon-iodine.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: Hər 100 ml Metrogil-P məhlulunun tərkibində 1 kütlə %-i Metronidazol və 5 kütlə %-i Povidon-yod (5 q povidon-yod 0,5 q mənimsənilən elementar yoda ekvivalentdir)

 

Farmakoterapevtik qrupu: Antimikrob dərman vasitəsi.
Farmakoloji xüsusiyyətləri:
Metrogil-P effektiv bakterisid vasitə olub, patogen aerob, anaerob bakteriyalara, viruslara, göbələklərə və s. mikroorqanizmlərə öldürücü təsir göstərir. Bakterisid effekti mikroorqanizmlərin membranlarında yerləşən tənəffüs fermentlərinin amin turşularını oksidləşdirməsinə əsaslanır.
Yod mikroorqanizmlərlə əlaqəyə girdikdə hüceyrə membranları dağılır və orqanizm məhv olur. İkincili mexanizm tənəffüs fermentlərinin yodlaşmasıdır.
Metronidazol antiprotozoy və antibakterial təsir göstərir. Əsasən anaerob mikroblara qarşı aktivdir. Metronidazol sərbəst radikallar hesabına hüceyrə komponentləri ilə əlaqəyə girir, nəticədə mikroorqanizm məhv olur. 0,03 mkq/ml qatılıqda metronidazol mikroorqanizmlərin inkişafını ləngidir (bakteriostatik təsir), 0,16 mkq/ml qatılıqda isə onları məhv edir (bakterisid təsir). Metronidazol adi aerob patogenlərə qarşı effektiv olan antibiotiklərlə sinergizm təşkil edir.

 

İstifadəsinə göstərişlər:
1. Yara və yanıqların antiseptikası;
2. Cərrahi əməliyyatdan əvvəl və sonra yaraların işlənməsi;
3. Sidik kisəsinin və absess boşluqlarının yuyulması;
4. Monoliazın, trixomonozun, qeyri-spesifik vaginitin yerli, lokal müalicəsi;
5. Piodermik zədələnmələr, xarici otit, ayaq, baldır dermatomikozu, dəri kandidozunda antiseptik vasitə kimi.

 

Əks göstərişlər:
Yoda və metronidazola qarşı yüksək həssaslıq;
Qalxanabənzər vəzin funksiyasının pozğunluqları olan və ya litium preparatları ilə müalicə qəbul edən xəstələr bu preparatdan mütəmadi olaraq istifadə etməməlidirlər.

 

Xüsusi göstərişlər:
Yalnız xaricə istifadə üçün!
Böyrək funksiyasının pozğunluqları;

Açıq yaralarda: böyük həcmli yaralarda və ağır yanıqlarda metabolitik asidoz və böyrək funksiyasının pozğunluğu kimi əlavə təsirlər verə bilər. Əgər, yerli qıcıqlanma olarsa, xəstə preparatı qısa müddət istifadə etməli və ya həkimin digər göstərişləri olana qədər preparatdan istifadəni dayandırmalıdır. Metronidazol nitroimidazol törəməsi olduğu üçün xəstəlik tarixində qan diskraziyası olan xəstələrə ehtiyatla təyin edilməlidir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik: metronidazol plasentar baryeri keçərək, tezliklə dölün qan dövranına daxil olur. Daxilə qəbul edilmiş metronidazol bəzi gəmiricilərdə dölə qarşı kanserogen təsir etdiyi üçün hamiləlik zamanı Metrogil-P -nin istifadəsi məqsədəuyğun deyil;
Laktasiya: ehtiyatla təyin olunur.

 

İstifadə qaydası və dozası:
1. Əllərin cərrahi işlənməsi: əllərin işlənməsi üçün 15 ml Metrogil-P 1000 ml-dək distillə suyu ilə durulaşdırılır. Əllər su ilə isladılır. 5ml məhlul ələ tökülür və hər iki ələ çəkilir, 5 dəqiqə ərzində əllər məhlulla işlənir. Əllər axar su altında yuyulur.
2. Xəstələr üçün əməliyyatdan əvvəlki istifadə: əməliyyat nahiyəsini su ilə isladırlar, 1 ml preparat əməliyyat nahiyəsinə tökülür və nahiyə 5 dəqiqə ərzində silinir. Köpük əmələ gətirilir və su hopdurulmuş steril tənziflə silinir. Bundan sonra əməliyyat nahiyəsinə məhlul sürtülür və quruyanadək gözlənilir.
3. Yuma: sidik kisəsinin və absess boşluqlarının yuyulması üçün durulaşdırılmamış Metrogil-P məhlulundan istifadə olunur.
4. Yaraların mikrobsuzlaşdırılması üçün: zədələnmiş nahiyəyə lazımı miqdar məhlul tökülür.
5. Cərrahi alətlərin dezinfeksiyası: termometrlərin dezinfeksiyası üçün 15 ml Metrogil-P 1000 ml distillə suyu ilə durulaşdırılır. Cərrahi alətlərin dezinfeksiyası üçün 60 ml Metrogil-P 1000 ml-dək distəllə suyunda durulaşdırılır.

 

Əlavə təsirləri:
Açıq yaralarda: böyük həcmli yaralarda və ağır yanıqlarda metabolitik asidoz və böyrək funksiyasının pozğunluğu kimi əlavə təsirlər verə bilər. Yeni doğulmuşlarda yerli istifadə zamanı hipotireodizm inkişaf edə bilər, bu zaman preparatdan istifadə dayandırılmalıdır. Qələvi mühitdə Metrogil-P -nin aktivliyi azalır.

 

Buraxılış forması: 60 ml və 500 ml-lik tünd rəngli flakonlarda buraxılır. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti: 25ºC-dən aşağı temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti: Resepti əsasında buraxılır.

 

İstehsalçı: Yunik Farmasyutikal Laboratoriz, («C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi) – firması tərəfindən istehsal olunmuşdur.